Keçid linkləri

2025, 21 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 08:11

İsmayıllı etirazlarında müxalifətçilər saxlanmışdı, İmişlidə müstəqil jurnalist gözə dəymədi


Yanvarın 17-də ToplumTV-nin daha bir jurnalisti Fərid İsmayılov həbs olundu.
Yanvarın 17-də ToplumTV-nin daha bir jurnalisti Fərid İsmayılov həbs olundu.

Bu dəfə "Həftəyə baxış"da ötən həftə barəsində həbs cəzası kəsilən fəal və jurnalistlərdən, ABŞ-nin Ermənistanla, Rusiyanın isə İranla imzaladığı strateji sənədlərdən, İmişlidə iki uşağın ölümünə səbəb olmuş yol qəzasından danışırıq.

Ötən həftə həbsdə olan bəzi fəallara uzunmüddətli həbs cəzalarının kəsilməsi ilə başladı. İctimai fəal Bəxtiyar Hacıyevə 10, işçi hüquqları müdafiəçisi Afiəddin Məmmədova 8 il həbs verildi.

Avropa İttifaqının Azərbaycan nümayəndəliyi, ABŞ səfirliyi həbs cəzalarından məyusluq bildirdilər, fundamental hüquqlarının qorunmasına görə həbs olunanları azad etməyə çağırdılar.

"Human Rights Watch" insan haqları təşkilatı illik hesabatında bildirdi ki, hökumət noyabrda BMT-nin COP29 iqlim dəyişikliyi konfransına ev sahibliyi etdiyi dönəmdə tənqidçilərə təzyiqləri gücləndirib, konfransa aylar qalmış hakimiyyət onlarla jurnalisti, insan haqları müdafiəçisini, fəalı siyasi motivli ittihamlarla həbsə atıb.

Hakimiyyət, hələlik, ilin əvvəlində də bu tendensiyaya sadiqliyini ortaya qoyur. Yanvarın 17-də ToplumTV-nin daha bir jurnalisti Fərid İsmayılov həbs olundu, bu iş üzrə həbsdə olan digər şəxslərin ittihamı isə ağırlaşdırıldı.

Xarici işlər naziri Ararat Mirzoyan və dövlət katibi Antoni Blinken Ermənistan Respublikası ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasını imzaladılar.
Xarici işlər naziri Ararat Mirzoyan və dövlət katibi Antoni Blinken Ermənistan Respublikası ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasını imzaladılar.

ABŞ Ermənistanla, Rusiya İranla saziş imzaladı

Yanvarın 14-də Ermənistan və Amerika Birləşmiş Ştatları (ABŞ) strateji tərəfdaşlıq haqqında xartiya imzaladı.

AzadlıqRadiosuna danışan bəzi ekspertlərin fikrincə, Azərbaycan da ABŞ ilə münasibətləri yaxşılaşdırmalıdır. Elə prezident İlham Əliyev də ABŞ ilə əlaqələri strateji səviyyə çatdıra biləcəklərinə ümidini bildirmişdi.

Siyasi şərhçi Şahin Cəfərli sosial media hesabında yazır ki, Ermənistanın ABŞ ilə imzaladığı sənəd strateji müttəfiqlik yox, strateji tərəfdaşlıq haqqındadır, hərbi yardım barədə müddəa, öhdəlik yoxdur: "Azərbaycanın Türkiyə ilə 2010-cu ildə imzaladığı müqavilədə (Şuşa Bəyannaməsi bu müqavilənin yenilənmiş versiyasıdır) və 2022-ci ildə Rusiya ilə imzaladığı müttəfiqlik bəyannaməsində isə belə bir müddəa var".

Eyni fikri AzadlıqRadiosunun erməni xidmətinə danışan təhlilçilər də səsləndiriblər. "Bu, təhlükəsizlik qarantiyaları verən sənəd deyil", - Yerevanda yerləşən Regional Demokratiya və Təhlükəsizlik Mərkəzinin başçısı Tiqran Qriqoryan deyib.

Beynəlxalq münasibətlər üzrə ekspert Eduard Abramyan isə daha skeptik danışıb, xartiyanın müdafiə və təhlükəsizliklə bağlı müddəalarının birmənalı olmadığını, ABŞ-nin Gürcüstan və Ukrayna ilə imzaladığı sənədlərdən fərqləndiyini vurğulayıb.

"Xarici təhdidlər məsələsi qeyd olunmur. Gürcüstan və Ukrayna ilə olan sənədlərdə isə ABŞ-nin bu ölkələrin hərbi qabiliyyətinin gücləndirilməsinə dəstək vurğulanır. Bizim halımızda təhlükəsizlik qarantiyalarından danışa bilmərik", - o deyib.

İran prezidenti Məsud Pezeşkian və Rusiya prezidenti Vladimir Putin əlaqələri dərinləşdirmək üçün tərəfdaşlıq müqaviləsinin imzalanması mərasimində.
İran prezidenti Məsud Pezeşkian və Rusiya prezidenti Vladimir Putin əlaqələri dərinləşdirmək üçün tərəfdaşlıq müqaviləsinin imzalanması mərasimində.

Həftənin digər diqqətçəkən hadisəsi isə yanvarın 17-də Moskvada baş verdi - İranla Rusiya hərtərəfli strateji tərəfdaşlıq haqqında sənəd imzaladılar. Bir neçə ilə ərsəyə gəldiyi bildirilən müqavilənin üçüncü maddəsində göstərilir ki, "tərəflərdən biri təcavüzə məruz qalsa, digəri təcavüzkara heç bir yardım göstərməməlidir".

Azərbaycanın iki qonşusu son illər Qərbin sərt maliyyə sanksiyaları altında ikitərəfli əməkdaşlığı gücləndiriblər. Qərb İranı Rusiyaya Ukraynada apardığı təcavüzkar müharibədə istifadə üçün silahlar verməkdə suçlayır. Tehran bunu rədd etsə də, müharibədə İran istehsalı olan dronlardan istifadə olunduğuna dəlillər var.

İsmayıllı və İmişli etirazlarının fərqi

Ötən həftənin sonu İmişli şəhərində baş verən yol qəzasının doğurduğu etirazlarla yadda qaldı. Sosial şəbəkələrdə yayılan videoda yüksək sürətlə hərəkət edən DYP avtomobilinin başqa bir nəqliyyat vasitəsilə toqquşduğu və yol kənarında yeriyən azyaşlı uşaqlara xəsarət yetirdiyi görünür. Uşaqlardan ikisi həlak olub, ikisi yaralanıb.

Bu hadisə İmişlidə etirazlara səbəb olub, sakinlər DYP maşınını aşırıb, "istefa" şüarı səsləndiriblər. Elə həmin gecədən şəhərdə həbslərin başladığı bildirilir. DİN saxlananların olduğunu təsdiqləyib.

İmişlidə baş verənlər son illərin küçə etirazlarını yada salır. 2023-cü ilin iyununda Gədəbəyin Söyüdlü kəndində, 2018-ci ildə Gəncədə, 2013-cü ildə İsmayıllıda, 2012-ci ildə Qubada iğtişaşlar baş verib. Bu etirazların, demək olar, hamısının kökündə məmur özbaşınalığından cana gəlmiş əhalinin qəzəbi dururdu. Onların hər biri zorakılıqla yatırdılıb, saxlananlar olub. Prezident İlham Əliyev isə zaman-zaman çıxışlarında polisin davranışını müdafiə edib.

2013-cü ildə İsmayıllı iğtişaşlarında müxalifətçilər Tofiq Yaqublu və İlqar Məmmədov saxlanılmışdılar. 2025-ci ildə İmişlidəki gərginlikdən sonra isə hadisə yerində nəinki müxalifətçilər, heç müstəqil jurnalistlər də gözə dəyməyib. Onların bir qismi beynəlxalq media və insan haqları qurumlarının qurama saydığı ittihamlarla həbsdədir.

XS
SM
MD
LG