Azər Qasımlının xanımı polisdə ifadə verib

Samirə Qasımlı

Siyasi Menecment İnstitutunun həbsdə olan rəhbəri Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı bu gün, yanvarın 17-də Yasamal rayon Polis İdarəsində ifadə verib.

Bu barədə onun özü məlumat açıqlayıb.

S.Qasımlı qeyd edib ki, o, həyat yoldaşına açılmış cinayət işi üzrə dindirilib: "Mən müstəntiqə bildirdim ki, iş qondarmadır və siyasi sifarişdir. Dindirmə zamanı bir neçə suala cavab verdim, digərlərinə isə yaxın qohuma qarşı ifadə verməməklə bağlı konstitusion hüququmdan yararlanaraq cavab verməkdən imtina etdim".

15 yanvar

Azər Qasımlı evə buraxılmadı

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının həbsdən buraxılması ilə bağlı vəsatət təmin olunmadı.

Yanvarın 15-də Yasamal rayon Məhkəməsində A.Qasımlı barəsində seçilmiş həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatət təmin olunmayıb.

Vəkil Aqil Layıc bildirib ki, A.Qasımlının cinayət törətmədiyi hamıya məlumdur: "İttihamın nə maddi, nə prosessual əsası olmadığı üçün biz ev dustaqlığı ilə bağlı vəsatət vermişdik. Məhkəmə təmin etmədi".

Vəkil qeyd edib ki, məhkəmə prosesində A.Qasımlı da cinayət törətmədiyini, fəaliyyətinə görə həbs edildiyini bildirib.

Azər Qasımlı 2024-cü ilin dekabrın 8-də, saxlanıb və bir gün sonra haqqında həbs-qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə təqsirləndirilir. A.Qasımlı özü ittihamı qəbul etmir.