Yanvarın 18-də günorta saatlarında İmişli şəhərində baş verən ağır yol nəqliyyat hadisəsi rayonda gərginliyə səbəb olub. Şadlinski küçəsində Dövlət Yol Polisi (DYP) avtomobilinin başqa bir nəqliyyat vasitəsilə toqquşandan sonra yolun səkisində azyaşlı uşaqlara xəsarət yetirib. Qəza nəticəsində iki nəfər yerindəcə həlak olub, daha iki nəfər ağır yaralanıb.
Hadisə şahidinin bildirdiyinə görə, DYP avtomobilinin yüksək sürətlə hərəkət etməsi və həlak olanların azyaşlılar olması yerli əhalidə qəzəb doğurub: "Məhz buna görə qəzəblənmiş kütlə, xüsusilə beyniqanlı gənclər DYP avtomobilini arxası üstə aşırdılar, yüzlərlə adam "istefa" şüarı səsləndirərək rayon Polis İdarəsinin önünə doğru yürüş etdi".
Rayon rəhbərliyi etirazçılarla danışıqlar aparıb
Mənbə bildirir ki, polis idarəsi önündə etirazçılarla rayon icra hakimiyyəti başçısı, polis rəisi və rayon prokuroru danışıq aparıb.
"Lakin birdən etirazçıları tutmağa və ətrafdakı insanları rayonun mərkəzi hissəsindən kənarlaşdırmağa başladılar. Bu vaxt ətraf rayonlardan kömək üçün göndərilən polis qüvvələri artıq İmişliyə gəlib çatmışdı. Az sonra Daxili Qoşunların da zirehli avtomobilləri İmişli şəhərinə girdi. Rayonda mobil rabitə və interneti kəsdilər. Saxlananlar oldu", - mənbə bildirir.
Yanvarın 19-da səhər saatlarından İmişli şəhərində polis gücləndirilmiş rejimə keçib. Yerli sakinlərin vurğulamasına görə, şəhərin bütün inzibati binaları ətrafında, park və meydanlarında, əhalinin gur toplaşdığı yerlərdə çoxsaylı polis əməkdaşları gözə dəyib. "Rayon polis idarəsinin önündə qələbəlik olub. Əsasən yaşlı adamlar burada dayanıb, dünən, yanvarın 18-də saxlanılan yaxınları barədə məlumat almaq istəyiblər", - mənbə deyir.
DİN-dən açıqlama
Hələ ki rəsmilər saxlananların sayı və başqa detallar barədə səhih məlumat açıqlamayıb. Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, İmişli rayonunda ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs saxlanıb.
Amma sosial şəbəkələrdə saxlananların sayı ilə bağlı müxtəlif rəqəmlər səslənir.
"100 nəfər, bəlkə, daha çox saxlanılan olub. Onların bəziləri şəhərin mərkəzi hissəsindən tutulub. Gecə evindən polis idarəsinə gətirilən, sonradan sərbəst buraxılanlar da olub. İndi dəqiq neçə nəfərin saxlandığını demək çətindir", - yerli mənbə bildirir.
"Qızımı öldürənin cəzalandırılmasını tələb edirəm"
Bunu AzadlıqRadiosuna yanvarın 18-də İmişli şəhərində qəza zamanı həlak olan Ayan Məmmədovanın atası Taleh Məmmədov deyib.
T.Məmmədov danışır ki, 11 yaşlı qızı Ayan Yalavac kənd məktəbinin 4-cü sinfində oxuyurmuş: "Uşaq hazırlığa imtahan verməyə gedib. İmtahanı verib öz yoluyla səki ilə evə qayıdırmış. Bu vaxt polis maşını yüksək sürətlə oradan keçəndə qabağına başqa maşın çıxıb və onunla toqquşub. Nəticədə yoldan çıxaraq səkiyə dəyib, dörd uşağı vurub".
"Dəfn gecə oldu, səhərə saxlamadıq. Qızım dərslərini elə gözəl oxuyurdu ki, bütün müəllimləri ondan razı idi. Deyirdi, "ata, həkim olacağam". Amma belimi qırıb getdi. Hamı təsəlli verir, ancaq övladım qara torpaq altındadır, gecə səhərə qədər qəbrinin üstündə yatmışam".